İNGİLİS TOPONİMİKA CƏMİYYƏTİ

Библиографическое описание
Ганиева И.Я. İNGİLİS TOPONİMİKA CƏMİYYƏTİ / И.Я. Ганиева // Культурология, искусствоведение и филология: современные взгляды и научные исследования: сб. ст. по материалам XLVIII Международной научно-практической конференции «Культурология, искусствоведение и филология: современные взгляды и научные исследования». – № 5(42). – М., Изд. «Интернаука», 2021. DOI:10.32743/25419870.2021.5.42.265902

INGILIS TOPONIMIKA CƏMIYYƏTI

 

Qəniyeva İradə Yasin qızı

baş müəllim, Azərbaycan Dövlət İqtisad Universiteti,

Azərbaycan, Bakı

 

Xülasə

Tədqiqatın məqsədi yer adlarının tarixi inkişafını və formalaşmasını izləməkdir. Araşdırma zamanı kopmleks təhlil metodları olan təsviri və statistik metodlardan istifadə edilmişdir. İngilis Toponimika Cəmiyyəti 1923-cü ildə ingilis yer adlarını tədqiq etmək məqsədilə yaradılmışdır. İngilis Toponimika Cəmiyyətinin sədri A.Mouver 1923-cü ildən 1942-ci ilə qədər bu cəmiiyətə rəhbərlik etmişdir. İlk araşdırma Bekinqemşir qraflığının yer adları ilə bağlı olmuşdur. Bu vaxta qədər cəmiyyət tərəfindən ingilis toponimlərinə dair 90 cildlik nəşrlər buraxılmış, ən sonuncusu isə 2014-cü ildə çapdan çıxmış “Leysestrşirin yer adları, VI cild” olmuşdur. İngiltərənin, demək olar ki, bütün qraflıqlarının yer adları bu nəşrlərdə öz əksini tamışdır və araşdırma hal-hazırda da davam etdirilir.

Abstract

The aim of the research is to follow the process of the historical development and formation of place names. In the work the complex technique of investigation is applied and such methods as descriptive and statistical are used. The English Place‑Name Society was founded in 1923 with the purpose of carrying out a survey of the English place names. The founder of the English Place‑Name Society was A.Mawer who headed the EPNS from 1923 to 1942. The first county survey of Buckinghamshire appeared in 1925. To date, the survey has produced 90 volumes, the most recent being “The Place-Names of Leicestershire,  Part VI”, published in 2014. Almost all English counties have been surveyed at least in part, but work to complete the survey of the place names is ongoing.

 

Açar sözlər: toponim, ingilis dili,  araşdırma, dövri nəşrlər, tədqiqatçılar.

Keywords: toponym, English language, survey, periodic publications, researchers.

 

İndiyə qədər ingilis toponimikası sahəsində  bir çox işlər görülmüş, dəyərli tədqiqat əsərləri yazılmışdır. İngilis dilində toponimika sahəsində araşdırmalar aparmış tədqiqatçılara misal olaraq C.Adams, R.Kouts, K.Kemeron, M.Qilinq, A.Qardiner, E.Ekvol, C.Makqeri, C.Ray, E.Herinqton, A.Hoult, V.Nikoleson, R.Ramsi, R.Rini, A.Rum, Q.Smit, A.Smit, H.Sorenson, R.Stüart, H.Stokes, V.Vatson, V.Vats və başqalarının adlarını çəkmək olar. İngilis toponimlərinin müxtəlif istiqamətlər baxımından araşdırılmasını isə belə qruplaşdırmaq olar: A.Smit, K.Kemeron, A.Mills, C.Qlover, A.Koul, C.Rayen, S.Leverton, C.Fild, C.Kemble (etimoloji və areal), R.Kouts, D.Troter, N.Holmer, S.Nestor (paralellik), C.Makqeri, C.Koks, K.Kaleton, D.Litt (üslubi).

İngiltərənin toponimlərinin araşdırılmasının əsası ilk dəfə 1923-cü ildə A.Moverin bir məqaləsi ilə qoyulmuşdur [1, s. 1-8]. Bu məqalədən sonra ingilis toponimlərinin öyrənilməsinə maraq o qədər artdı ki, elə həmin ildə bu məsələyə rəhbərlik edəcək bir qurum – “İngilis Toponimika Cəmiyyəti”ni (English Place-Name Society – EPNS) yaratmaq qərara alınır. A.Mover uzun illər bu cəmiyyətə rəhbərlik edir. (Liverpool, London) Ondan sonra cəmiyyətə 1942-1946-cı illər arasında F.Stenton (Reading), 1946-1951-ci illərdə B.Dikins (Cambridge), 1951-1967-ci illərdə H.Smit (London), 1967-1993-cü illərdə K.Kemeron (Nottingham), 1993-2002-ci illər arasında V.Uots, 2002-ci illərdən bu günə qədər isə R.Kouts rəhbərlik etmişdir. “İngilis Topononimika Cəmiyyəti”nin ofisi yarandığı gündən 1967-ci il ilə qədər İngiltərənin ayrı-ayrı nüfuzlu universitetlərində yerləşirdi. 1967-ci ildən isə, yəni K.Kemeronun rəhbərliyi dövründən bu günə qədər cəmiyyətin baş ofisi Nottingam Universitetinin “İngilis dilinin filologiyası” fakültəsinin nəzdindəki Onomastika İnstitutunda (Institute for Name-Studies) yerləşir [2; 3].  

Bu günə qədər cəmiyyət tərəfindən çoxcildlik “İngilis toponimləri ilə bağlı tədqiqatlar” (English Place-Name Survey) kitabı çap olunmuşdur. Ensiklopedik nəşr hesab olunan bu kitabda İngiltərənin toponimləri, onların tarixi-etimoloji formaları öz əksini tapmışdır. Kitab 1925-ci ildən çap olunmağa başlanmış və indiyə qədər onun 90 cildi çapdan çıxmışdır. Birinci cild Bakinqemşirin toponimlərinə həsr olunmuşdur. Sonuncu cild isə 2014-cü ildə çap olunmuşdur ki, bu da Leysesterşirin toponimlərinə həsr edilmişdir. Hal-hazırda isə Şropşirin toponimlərini əhatə edən növbəti cild hazırlanır. Bir sözlə, kitabın hər bir cildi İngiltərənin bir qraflığının toponimlərini, həmçinin mikrotoponimlərini əks etdirir. Bəzi qraflıqlar isə həddindən artıq böyük olduqları üçün bir neçə cildi əhatə edir. Məsələn, Raydinq Yorkşir qraflığının toponimləri 8 cildi əhatə edir; Linkilnşir qraflığının toponimləri isə 29 cildi əhatə edir. Bəzi qraflıqlara aid isə hələlik heç bir cild nəşr olunmamışdır. Məsələn, Somerset, Suffolk və s. qraflıqlarının toponimlərinin ensiklopedik nəşrə daxil edilməsi İngilis Toponimika Cəmiyyətinin (EPNS) gələcək planlarına daxildir. İngiltərənin sahəsi 130 000 km2–dən çoxdur. İngiltərə inzibati cəhətdən 39 qraflığa və 7 metropoliten qraflığına bölünür. Ərazilərin həddindən artıq böyüklüyü, onların zəngin toponimikaya malik olmasına şərait yaradır.

İngiltərədə ingilis toponimlərinin tədqiqinə xüsusi diqqət yetirilir. Belə ki, hər il “Journal of the English Place-Name Society”  (İngilis Topononimika Cəmiyyətinin jurnalı) və həmçinin «Nomina», “The Year’s Work in English Studies”  jurnallarında İngiltərənin toponimlərinin biblioqrafiyası təqdim edilir. Bu onomastik vahidlərin etimoloji təhlilinə isə dövri nəşr hesab edilən «Anglo-Saxon England» jurnalında, Beynəlxalq Onomastika Şurasının (International Council of Onomastic Sciences) çap etdirdiyi «Onoma» adlı xəbərlərində rast gəlmək olur.

Mövcud elmi jurnallar içərisində diqqəti cəlb edən İngiltərə toponimləri ilə bağlı aparılan müxtəlif istiqamətli tədqiqatları özündə əks etdirən Britaniya və İrlandiya Onomastik cəmiyyətinin (Society for Name Studies in Britain and Ireland, qısaldılmış formada – SNSBI) bülletenidir [6]. Burada il ərzində ingilis toponimləri ilə bağlı aparılan ən yaxşı tədqiqatlar çap olunaraq ictimaiyyətin müzakirəsinə təqdim edilir.

Son illərdə “İngilis Topononimika Cəmiyyəti” iki elektron layihə də həyata keçirmişdir. Onlardan biri “İngilis toponimlərinin açarı” (Key to the English place names) adlanır və İngiltərə ərazisindəki toponimlərin elektron xəritəsinin yaradılması, digəri isə müasir ingilis yer adlarının tarixən mövcud olmuş qədim formalarının internet saytında yerləşdirilməsi və onların etimologiyasının izahı layihəsidir [4; 5].

Qeyd etmək lazımdır ki, “İngilis Topononimika Cəmiyyəti”nin nəşrlərində yalnız İngiltərənin toponimləri təhlil olunur. Böyük Britaniyanın digər dövlətlərinin – Şotlandiya, Veylz və İrlandiyanın isə öz toponimika cəmiyyətləri vardır [6].

Şotlandiya Toponimika Cəmiyyəti 1996-cı ildən rəsmi olaraq fəaliyyət göstərir və “Şotlandiya Toponimlərinin Tədqiqi” (Scottish Placename Survey) jurnalını nəşr etdirir. Şotlandiya yer adlarını araşdıran tədqiqatçılardan K.Cekson, V.Nikoleson, S.Teylor, İ.Fraser və başqalarını misal göstərmək olar.

Veylz Toponimika Cəmiyyəti də daha əvvəllər (1932-ci ildən) mövcud olsa da, 2012-ci ildən rəsmi fəaliyyətə başlamışdır. Bu cəmiyyət Veylzin yer adlarına dair kitablar və lüğətlər nəşr etdirir. Veylzin toponimlərini araşdırmış tədqiqatçılardan M.Riçards, İ.Villiams, H.Ouven, B.Çarlz, Q.Piers və digərlərinin adlarını çəkmək olar.

İrlandiyada isə Ulster Toponimika Cəmiyyəti (Ulster Placename Society) 1952-ci ildən müəyyən fasilələrlə fəaliyyət göstərsə də, rəsmi olaraq 2010-cu ildən qeydiyyata alınmışdır. Bu cəmiyyət  “Ulster Toponimika Cəmiyyətinin Xəbərləri”ni (Bulletin of the Ulster Place-name Society) nəşr etdirir.  İrlandiyanın yer adlarının tədqiqi ilə isə D.Flenqan, K.Mur, P.Makkey başqaları məşğul olmuşdular.

İngilis dilində toponimika sahəsində yazılmış əsərlərə misal olaraq A.Smith “English place name elemets” (1956), P.Reany “The origin of English place names” (1969), A.Holt “American place names” (1968), R.Stewart “American place names dictionary” (1986), A.Room “Concise dictionary of modern place names in Great Britain” (1983), E.Harrington “The meaning of English place names” (1984), M.Geiling, W.Nicolaisen “The names of towns and cities in Britain” (1970), E.Ekwall “The concise dictionary of English place names” (1960), J.Rye “A popular guide to Norfolk and Suffolk place names (1991), K.Cameron “English place names” (1988),  A.Mills “Dictionary of British place names” (2003), C.Taggart “The book of London place names” (2012), A.Cole “The place-name evidence for a routeway network in early medieval England” (2013), M.Gelling “The landscape of place-names” (2014)  və s. göstərmək olar.

Tədqiqatçı A.Mills ingilis yer adlarını 3 cür qruplaşdırır: 1) tayfa adlarından yaranan toponimlər (folk names); 2) yaşayış məntəqəsi adları yaxud oykonimlər (habitative names); 3) topoqrafik adlar (topographical names).

I qrup (ən kiçik qrup) toponimlər həmin ərazidə yaşamış tayfaların adlarından yaranmışdır: Norfolk, Suffolk, Hastings, Reading, Clewer, Ridware.

II qrup toponimlər kənd, şəhər, mülk, malikanə və s. yaşayış məntəqəsi adları olub – ham (homestead), – cot (cottage), – tun (farm), – warth (enclosure), –burth (stronghold), – by (farmstead) kimi elementlərin iştirakı ilə düzəlir: Streatham, Middleton, Lulworth, Didcot, Grimsby və s.

III qrup toponimlərə həm müəyyən relyef quruluşuna malik təbii-coğrafi obyekt adları, həm də insan tərəfindən yaradılan yaxud süni dəyişdirilən yer adları daxildir: dağ, dərə, təpə, qala, qəsr, yol, meşə, çay, göl, bulaq və s. adları.

Ücüncü qrup toponimlərin bir hissəsi zaman keçdikcə yaşayış məntəqəsi adlarına, yəni ikinci qrup yer adlarına çevrilir. Məsələn, Fulbrook, Stodmarsh, Goodwood, Bromsgrove, Hatfield belə toponimlərdəndir.

A.Mills toponimləri “linqvistik faydalı qazıntılar”, “linqvistik tapıntılar” (linguistic fossils) adlandırır, çünki müasir yer adlarının əksəriyyətinin mənasını başa düşmək üçün onların etimologiyasına müraciət etmək lazımdır. O, özünün “İngilis yer adları lüğəti”ndə [7] 12000 ingilis toponiminin etimoloji mənasının izahını vermişdir.

İngilis toponimikasının tədqiqindən bəhs edərkən bir cəhəti xüsusi vurğulamaq lazımdır ki, İngiltərə və ABŞ tədqiqatçıları toponimləri daha çox etimoloji cəhətdən və  tarixi-diaxronik istiqamətdə araşdırmışdılar.  Müasir dövrümüzdə də bu tendensiya davam etməkdədir, çünki yer adları özlərində dilin qədimliyini, onun məxsus olduğu xalqın tarixini, etnogenezini əks etdirən dil vahidləridir. İngiltərə və ABŞ tədqiqatçılarının araşdırmalarında hər bir toponim yarandığı dövrdən başlayaraq tədqiq edilir ki, bu da ingilis dilinin ayrı-ayrı inkişaf mərhələlərində (qədim, orta və yeni) yer adlarında baş verən fonetik, morfoloji və s. dəyişiklikləri izləmək imkanı verir.

 

Ədəbiyyat:

  1. Armstrong A. M., Gelling M., Cameron K. Some notes on the history of the English Place-name society // Journal of the English Place-name society. Nottingham UP, 1993, vol. 25, p.1–8
  2. Gelling M.A. English Place-name studies: some reflections //  Journal of the English Place-name society. Nottingham UP, 2003, № 5, p.5–16
  3. English place-name soiety. http://www.nottingham.ac.uk/research/groups/epns/index.aspx
  4. English place names. Etymology. http://englishplacenames.cerch.kcl.ac.uk
  5. Key to the English place names. http://kepn.nottingham.ac.uk
  6. Society for Name Studies in Britain and Ireland – SNSBI http://www.snsbi.org.uk/Nomina.html
  7. Mills A.D. Dictionary of English place names. Oxford: Oxford University Press, 1998, 411p.
  8. The Cambridge dictionary of English place names: based on the collections of the English Place-name Society. Cambridge: Cambridge University Press, 2004, 713p.