AZƏRBAYCAN VƏ İNGİLİS TOPONİMLƏRİNİN FONETİK CƏHƏTDƏN YARATDIĞI ÜSLUBİ-KOMMUNİKATİV MƏQAMLAR

Рубрика конференции: Секция 24. Теория языка
DOI статьи: 10.32743/25419870.2022.5.54.337482
Библиографическое описание
Ганиева И.Я. AZƏRBAYCAN VƏ İNGİLİS TOPONİMLƏRİNİN FONETİK CƏHƏTDƏN YARATDIĞI ÜSLUBİ-KOMMUNİKATİV MƏQAMLAR / И.Я. Ганиева // Культурология, искусствоведение и филология: современные взгляды и научные исследования: сб. ст. по материалам LX Международной научно-практической конференции «Культурология, искусствоведение и филология: современные взгляды и научные исследования». – № 5(54). – М., Изд. «Интернаука», 2022. DOI:10.32743/25419870.2022.5.54.337482

AZƏRBAYCAN VƏ İNGİLİS TOPONİMLƏRİNİN FONETİK CƏHƏTDƏN YARATDIĞI ÜSLUBİ-KOMMUNİKATİV MƏQAMLAR

İradə Yasin qızı Qəniyeva

filologiya üzrə fəlsəfə doktoru, baş müəllim, Azərbaycan Dövlət İqtisad Universiteti,

Azərbaycan, Bakı

 

THE STYLISTIC-COMMUNICATIVE FEATURES OF THE AZERBAIJANI AND ENGLISH TOPONYMS FROM A PHONETIC POINT OF VIEW

Irada Yasin Ganiyeva

Ph.D. in linguistics, senior lecturer, Azerbaijan State University of Economics,

Azerbaijan, Baku

 

XÜLASƏ

Araşdırmadanın məqsədi Azərbaycan və ingilis toponimlərinin fonetik cəhətdən yaratdığı üslubi xüsusiyyətləri müəyyən etməkdir. Bədii dildə  obrazlılığın yaranmasında müxtəlif fonetik, qrammatik və leksik vasitələrdən istifadə olunur. Bədii mətnlərindəki toponimlərin yazıçı tərəfindən fonetik cəhətdən dəyişdirilməsi, təhrif olunması, xarici dildəki kimi işlədilməsi onları canlı danışıq dilinə yaxınlaşdırmaq, loruluq çalarını ifadə etmək, obrazların daxili aləmi, dünyagörüşü barədə təsəvvür yaratmaqla müəyyən üslubi-kommunikativ məqamlar yaradır. Fonetik dəyişikliklə işlədilən toponimlər zəngin üslubi xüsusiyyətlərə malik olmaqla yanaşı yazıçının bədii məqsədinin ifadəsinə xidmət edir.

ABSTRACT

The aim of the investigation is to determine the stylistic features of the Azerbaijani and English toponyms connected with phonetic change. To create figurativeness in literary style various phonetic, grammatical and lexical means of expression are widely used. By using the phonetically changed variants of toponyms and their original pronunciation forms, writers vividly describe literary characters and real-life situations, create certain stylistic-communicative effects within the literary text. Having rich stylistic features phonetically changed toponyms serve as the means of expression of the aim of the writer.

 

Açar sözlər: toponim, fonetik dəyişiklik, bədii mətn, üslub, dillər.

Keywords: toponym, phonetic change, literary text, style, languages.

 

Bədii üslubda obrazlılığın yaranmasında toponimlərin məcazlaşmasından başqa müxtəlif fonetik, qrammatik və leksik vasitələrdən  də istifadə olunur. Bədii əsərlərdə toponimlərin fonetik cəhətdən yaratdığı üslubi məqamları iki cür qruplaşdıra bilərik: a) toponimin fonetik dəyişikliklə işlədilməsi, b) toponimin mənbə dildə, yəni aid olduğu xarici dildəki tələffüz variantında işlədilməsi.

a) Toponimlərin fonetik dəyişdirilməsi. Azərbaycan üslubiyyatında bunu bəzən “fonetik cəhətdən təhrif olunma” da adlandırırlar. Bədii əsərlərdə çox vaxt şair və ya yazıçı qəsdən yer adını fonetik cəhətdən təhrif edərək verir. Təbii ki, bu üslubi əməliyyatın da müəyyən səbəbləri olur. Belə ki, söz sənətkarı toponimi qafiyəyə uyğunlaşdırmaq, gülüş yaratmaq, canlı danışıq dilinə yaxınlaşdırmaq məqsədi ilə təhrif edə və yaxud da onun tərkibindəki hansısa bir səsi dəyişə bilər. Toponimlərin xalq danışıq dilində olduğu kimi bədii əsərdə işlədilməsi loruluq çalarını ifadə etmək üçün seçilmiş üsuldur.

Bədii yaradıcılıqda geriliyin, avamlığın və savadsızlığın təsvirində fonetik

dəyişmələrə uğramış əcnəbi sözlərlə yanaşı, semantik cəhətdən dəyişdirilmiş əcnəbi sözlərdən də istifadə olunur. Bu da tamamilə təbiidir. “Müəyyən bir əcnəbi sözü təsadüfən eşidən və mahiyyətini tam şəkildə dərk etməyi bacarmayan savadsız tiplər, əlbəttə, həmin sözü düzgün tələffüz etməyi, həm də lazımı mənada işlətməyi bacarmır” [6, s.208].  

Dahi satirik M.Ə.Sabirin poeziyasında işlənən onomastik adların, o cümlədən toponimlərin üslubi məqamlarından R.Məhərrəmovanın “Sabirin dili” adlı kitabında bəhs edilir. Müəllif M.Ə.Sabirin əsərlərinin dil və üslüb xüsusiyyətlərini dil tarixi ilə bağlı şəkildə izah edir. Tədqiqatçı Bakı toponiminin şairin satirik əsərlərində üç formada: Badikubə, Bakı, Baku kimi işlənməsini, Odessa toponiminin iki formada: Ades, Ədes şəklində işlənməsini qeyd edir. [7, s.27-29]  

Apardığımız təhlillərdən məlum olur ki, qeyd olunan təhrif olunmuş yer adlrından başqa Sabir yaradıcılığında Ənqərə (Ankara), Məsko (Moskva), Tiflis (Tbilisi), Almanya (Almaniya), Rusiyyə (Rusiya) toponimlərinə də rast gəlmək olar.

C.Məmmədquluzadənin əsərlərində işlənən fonetik cəhətdən təhrif olunmuş toponimlərə misal olaraq Firəngistan (Fransa), Parij (Paris), Yevropa (Avropa), Zəngan (Zəncan), Tiflis (Tbilisi), Uruset, Urisiyyət, Rusiyyət (Rusiya), Bolğar (Bolqariya), Qafqaziyyə (Qafqaz), Əmrstan (Amerika), Hacıtərxan (Həştərxan) və s. göstərə bilərik. Göründüyü kimi, yazıçı Rusiya toponimini üç formada işlətmişdir.  Xatırladaq ki, bu cür toponimlərə M.F.Axundov, Ə.Haqverdiyev, N.Nərimanov və digər yazıçılarımızın əsərlərində də tez-tez rast gəlmək olar.

Q.Zakirin seirlərində rast gəlinən belə toponimlərə misal olaraq Azarbecan, Bəğdad, Qərabağ, Şəmaxi, Şişə, Tiflis, Baku, Sifahan və s. yer adlarını göstərmək olar. Azərbaycan bədii ədəbiyyatından gətirilmiş nümunələrə müraciət edək:

                     Qurtar üzündən əhli-Qərabağın, ey könül,

                     Get sərzəmini – Bakidə bir qədər keyfə bax!

                     Səngi-sitəmdən olmadın eymən bu Şişədə,  

                     Eylə səfər Şəmaxiyə, şəhri-lətifə bax! [12, s.342].  

Gəl gör, çör-çöp yığan, içdirib, yedirib bəslədiyin qonağın, deyirlər, qardaşın oğlunu azdırıb, özü ilə Parijə aparır [2, s.30]. Lazımdır demək ki, Yevropa davası başlanandan bu yana belə-belə xəbərlər ildə bir neçə dəfə çıxıb və necə ki, indiki xəbərin əsli yalan olub, keçən qaydaq çıxan xəbərlər də əsilsiz və yalan olub [9, s.31]. Bu cür ayamalar bizim Danabaş kəndində hədsizdi. Əgər duram hamısını ərz etməkliyə, bütün Rusiyyətin karxanalarında kağız qalmaz [8, s.43].  Səbəb budur ki, Tiflisdə və Bakıda nə qədər ki, milli cəmiyyətimiz var, onların heyətlərinin üzvləri rusca danışırlar və çoxusu heç öz az ana dilini bilmir [9, s.11]. Otuz beş min rus qoşunu general Valeriyan Zubovun təhti-rəyasətində Lənkəran və Badkubə qələlərini alıblar [3, s.226]. Amma qalan məbləğlərə Firəngistan Urisiyyətdə təzə peyda olan və bizdə indi bəzi-bəzi bəylərin ələ keçirtdiyi tüfənglərdən tədarük görmək lazımdır [5, s.89].

Sanmayın ancaq Ədəsdə kefdəyəm nisvan ilə, // İrtibatım yoxdur öz mülküm olan Tehran ilə [10, s.239]. Görürəm mən dünən gecə yuxuda, // Yenə də sakin olmuşam Bakuda. // Bakuda, leyk lap uzaqlarda // Gəzirəm bir para soqaqlarda [10, s.256].   Yazdın qəzetdə fars ilə amadə cəfəngi, // Guya ki, keçib elmdə İran Firəngi. [4, s.105].

Bədii əsərlərdə toponimlərin fonetik və qrammatik cəhətdən təhrif olunması barədə tədqiqatçı İ.Vəliyeva belə yazır: “Toponimik vahidlərin nitqdə təhrif olunmaları, başlıca olaraq, onların sadə danışıq üslübünda işlədilməsi ilə bağlıdır. Yer adlarının təhriflə işlədilməsində əsas məqsəd budur ki, onların vasitəsilə obrazların daxili-psixoloji aləmi açılsın, mədəni-məişət həyatı canlandırılsın, dünyagörüşü barədə təəssürat yaradılsın. Nitqə aid fonetik fərqlənmələr, başlıca olaraq, real toponimlər vasitəsilə verilir. Real toponimlərdə nitq təhrifindən emosionallıq üçün bir vasitə kimi istifadə olunur” [11, s.120]. 

İngilis yazılı ədəbiyyatında da toponimlərin fonetik cəhətdən təhrifinə çox rast gəlmək olar. Bədii əsərlərindən gətirilmiş nümunələrə diqqət yetirək:

For Frensh of Parys was to hire unknowe,

At mete well ytaught was she with alle [15, p.52].  

And every cryke in Britaigne and in Spayne,

His large yeleped was the Maudelayne [15, p.60].  

East Anglia, besides its ancient independence, had a particular problem with the poll tax [16, p.485]. While the men of Britannia were massing and the rest of East Anglia preparing to rise, Wat Tyler led his men swiftly down the old road to Canterbury [16, p.486].

Qeyd etmək iştərdik ki, ingilis yazıçı və şairləri arasında toponimlərin fonetik cəhətdən təhrif olunmasına T.Hardinin əsərlərində daha çox rast gəlmək olar. T.Hardinin təhrif etdiyi toponimlərə misal olaraq Abbot’s Cernel (Cerne Abbas), Abbotsea (Abbotsbury), Biblioll (Balliol), Blackmoor, Blakemore (Blackmore), Evershead (Evershot), Exonbury (Exeter), Sherton (Sherborne), Port Bredy  (Bridport), Roy Town (Troy Town), St Aldhelm’s Head (St Alban’s Head), Wintonchester (Winchester) və s. göstərə bilərik. Nümunələrə müraciət edək:

The village of Marlott lay amid the north-eastern undulations of the beautiful Vale of Blakemore or Blackmoor [14, p.48]. Like all the cottages in Blackmoor Vale, Tess was steeped in fancies and prefigurative superstitions [14, p.84]. The city of Wintonchester, afortime capital of Wessex had a beautiful landscape [14, p.488]. Then she descended the steep long hill below which lay the village or townlet of Evershead [14, p.378]. I will do without Sherton, as I feel that I have no right to go there in the circumstances [14, p.171].  

b) Yazılı ədəbiyyatda bir çox hallarda biz xarici toponimlərin aid olduqları dildəki kimi işləndiyinin də şahidi oluruq. Təbii ki, yazıçı bunu təsadüfən etmir, bu istifadə konkret üslubi məqsədə – obrazın dilinin fərdiləşdirilməsinə, obrazın aid olduğu mühitin özünəməxsusluğunun ifadəsinə, dövrün siyasi durumunun düzgün təsvirinə və s. xidmət edir:

Öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran [9, s.10]. Biz Şvetsariyada Qarada meşələrində təcrübə dərslərinə getdiyimiz vaxt, həmin bu durbini bir kəndlinin evində görüb on səkkiz qızıla aldım [9, s.33]. Varlığa nə darlıq. Rossiyada da həmişə beşotaqlı lüksdə qalırdı. Bir dəfə bərk pərt idi ki, həmin o beşotaqlı lüksə düşə bilməyib, çünki o vaxt orada arxiyepiskop Makstios qalırmış. [1, s.198].

Far away in a land where the sky is nearly always blue lies the beatiful city of  Venezia [17, p.30]. He was spending his time with the PTC team that had spread through Chateau Vilette [13, p.351].

Beləliklə, bədii üslubda obrazlılığın yaranmasında müxtəlif fonetik, qrammatik və leksik vasitələrdən istifadə olunur. Toponimlərin fonetik cəhətdən dəyişdirilməsi, təhrif olunması, xarici dildəki kimi işlədilməsi onları canlı danışıq dilinə yaxınlaşdırmaq, loruluq çalarını ifadə etmək, obrazların daxili aləmi, dünyagörüşü barədə təsəvvür yaratmaqla müəyyən üslubi-kommunikativ məqsədə xidmət edir.

 

Ədəbiyyat:

  1. Anar. Seçilmiş əsərləri. 2 cilddə, IIc. Bakı: Azərnəşr, 1988, 352s.
  2. Axundov M.F. Bədii və fəlsəfi əsərləri. Bakı: Yazıçı, 1987, 368s.
  3. Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. Ic. Bakı: Şərq-Qərb, 2007, 472s.
  4. Cababrlı C. Əsərləri. 4 cilddə. Ic. Bakı: Şərq-Qərb, 2005, 328s.
  5. Cəfərzadə Ə. Vətənə qayıt. Bakı: Gənclik, 1977, 304s.
  6. Əfəndiyeva T. Ə. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: Elm, 1980, 252s.   
  7. Məhərrəmova R.C. Sabirin dili. Bakı: Maarif,1976, 108s.
  8. Məmmədquluzadə C. Əsərləri. 4 cilddə. Ic. Bakı: Öndər Nəşriyyat, 2004, 664s.
  9. Məmmədquluzadə C. Əsərləri. 4 cilddə. IIIc. Bakı: Öndər Nəşriyyat, 2004, 480s.
  10. Sabir M.Ə. Hop-hop namə. Bakı: Yazıçı, 1979, 557s.
  11. Vəliyeva İ.İ. Bədii ədəbiyyatda üslubi toponimika. Filol. üzrə f. d. disser. Bakı, BDU, 2002, 141s.
  12. Zakir Q. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, 384s.
  13. Brown D. The Da Vinci Code. New York: Doubleday, 2003, 490p.
  14. Hardy T. Tess of the D’Ubervilles. London: Penguin Books Ltd., 1978, 538p.
  15. Poetry in English anthology. / editied by Rosenthal M.L. New York: Oxford University Press, 1987, 1196p.
  16. Rutherfurd E. London. New York: Ballentine Publishing Group, 1997, 1126p.
  17. Tales from Shakespeare. Moscow: Prosvesheniye, 1962, 104p.